DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.
== Tarixi ==
DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib.
9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.
24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.
19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.
30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.
14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib.
22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib.
28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.